Kadırov çeçen və inquşların deportasiyasını qeyri-insani adlandırıb

23 Fevral 2025 18:15 (UTC+04:00)

Çeçenistanın rəhbəri Ramzan Kadırov 1944-cü il fevralın 23-də başlanan çeçen və inquşların deportasiyasını xatırladıb.

SİA-nın məlumatına görə, o, şəxsi Telegram kanalında müvafiq yazı dərc edib.

Kadırov İosif Stalinin insanları Sibirə və Orta Asiyaya zorla deportasiya etmək əmrini qeyri-insani adlandırıb. O qeyd edib ki, nəticədə minlərlə insan səfərdən və xüsusi yaşayış məntəqələrinin ağır şərtlərindən sağ çıxa bilməyib. Respublika başçısının sözlərinə görə, kütləvi deportasiyaya səbəb olan ittihamlar “heç bir tənqidə dözmür”.

O, Böyük Vətən Müharibəsində, o cümlədən Stalinqrad döyüşünün tarlalarında minlərlə çeçenin döyüşdüyünü vurğulayıb.

...Biz bu dəhşətli faciənin qurbanlarını həmişə xatırlayacağıq. Bu gün mən repressiya qurbanlarının bütün qohumlarına və yaxınlarına səmimi başsağlığı verirəm, - deyə Kadırov əlavə edib.

Bundan əvvəl Çeçenistan rəhbəri xüsusi əməliyyat zonasına daha bir könüllülər qrupunun göndərildiyini açıqlamışdı. Onun sözlərinə görə, “Axmat”ın sıralarına başqa bölgələrdən gələn ruslar da qoşulur.

Nazlı Almuradova