İlham Əliyev bu ölkə liderlərini təbrik etdi

23 Fevral 2025 12:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib. SİA xəbər verir ki, təbrik məktubunda bildirilir:

“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfaan Əliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il ölkələrimiz əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Əlahəzrət.

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bruneyi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.