Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Bildirilib ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında “Digital Login” vasitəsilə qeydiyyatdan keçirək şəxsi kabinet yaradırlar.
Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir. Valideynlər övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə bilərlər. Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı/qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir.
Valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki “Təhsil” pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə , Regional Təhsil İdarələrinə müraciət edə bilərlər.