İsrail ordusu təhlükəsizliyi gücləndirmək üçün İordan çayının qərb sahilinə əlavə üç batalyon göndərib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar fevralın 20-si axşam saatlarında İsrailin paytaxtı Təl-Əvivin ətrafında yerləşən şəhərlərarası avtobusların dayanacağında baş verən partlayışlardan sonra verilib.
Qeyd edək ki, fevralın 20-də axşam saatlarında Təl-Əvivin ətrafındakı Bat-Yamda avtobuslarda bir neçə partlayış və yanğın qeydə alınıb. İnsidentlərdə heç kimin xəsarət almadığı bildirilib.
Polisin ilkin versiyasına görə, partlayıcı qurğular İordan çayının qərb sahilindən olan fələstinli radikallar tərəfindən yerləşdirilib.
Baş verənlərdən sonra İsrailin Baş naziri Binyamin Netanyahu ordu və təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə fövqəladə iclas keçirib, hərbçilərə İordan çayının qərb sahilində terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi tapşırıb.