Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Ana dilinin qorunması, onun zənginləşdirilməsi və inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Beynəlxalq Ana Dili Günü münasibətilə fevralın 21-də Şəki-Zaqatala Regional Mədəniyyət və Şəki-Zaqatala Regional Təhsil idarələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
Şəki şəhər Səməd Vurğun adına Folklor evində təşkil olunan tədbirdə icra hakimiyyətinin, regional idarələrin məsul şəxsləri, şəhid ailələri, mədəniyyət və təhsil işçiləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu bildiriblər. Qeyd olunub ki, tarix boyu xalqların keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapıb. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çıxışlarda nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət edilməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə çıxış edənlər ana dilimizin dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıblar.
Daha sonra şagirdlərin ifasında ana dilimizə həsr edilən şeirlər, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mövzu ilə bağlı videoçarxlar təqdim edilib.