"Hər bir xalqın tarixi, mədəniyyəti və milli kimliyi onun ana dili ilə sıx bağlıdır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın qoruyucusudur. Bu səbəbdən bir çox ölkələrdə ana dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edilir.
Azərbaycan Respublikası da bu məsələyə xüsusi diqqət ayırır. Ölkəmizdə qəbul edilmiş “Dövlət dili haqqında” qanun Azərbaycan dilinin dövlət dili kimi tətbiqini və inkişafını tənzimləyir. Bu qanun yalnız rəsmi sənədləşmədə deyil, təhsil, media və ictimai həyatın bütün sahələrində ana dilimizin düzgün istifadəsini təmin etməyə xidmət edir". Bu sözləri filologiya elmləri doktoru Elçin İbrahimov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir dünyada qloballaşmanın gətirdiyi çətinliklərdən biri də əcnəbi sözlərin dilimizə hədsiz axınıdır: "Bəzi hallarda bu, zərurətdən irəli gəlir və beynəlxalq terminlər milli dilə uyğunlaşdırılaraq qəbul edilir. Lakin bəzən əcnəbi sözlərin həddən artıq istifadəsi ana dilimizin təmizliyinə zərbə vurur. Məhz bu səbəbdən dil mütəxəssisləri və alimlər yeni anlayışlara milli terminlər tapmaq üçün fəal şəkildə çalışırlar.
Azərbaycan dili bu gün inkişaf dövrünü yaşayır. Televiziya və radio verilişlərində, rəsmi sənədlərdə və elmi nəşrlərdə dilin saflığının qorunması əsas şərtlərdən biridir. Eyni zamanda, gənc nəsil arasında ana dilinin düzgün təbliği də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün keyfiyyətli dərsliklərin hazırlanması, ədəbi nümunələrin geniş yayılması və ictimaiyyətdə dilə qarşı həssas münasibətin formalaşdırılması vacibdir.
Unutmayaq ki, ana dilimizi qorumaq sadəcə dilçi alimlərin və ya dövlətin işi deyil. Bu, hər birimizin üzərinə düşən tarixi bir məsuliyyətdir. Ana dilimizi yaşatmaq, onu yad təsirlərdən qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur!"
Həmçinin mövzu ilə bağlı Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü fikir bildirib. Onun sözlərinə görə, dilimizin saflığının qorunması, ədəbi dilin normalarının gözlənilməsi məsələsi son dövrdə xüsusi aktuallıq kəsb edir və diqqət mərkəzindədir: "Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə yanaşı, alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən söz almaq müasir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. Narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir. Azərbaycan dilinin lüğət tərkibi minilliklər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıb. Alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb. Ona görə də dil ilə bağlı təkliflər verən zaman ehtiyatlı olmaq lazımdır. Çünki bəzi alınma sözlər var ki, artıq “vətəndaşlıq hüququ” qazanıb”. Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir".
Həmçinin o bildirib ki, bu gün ali təhsil müəssisələrində Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi dilimizə dövlətimizin atributlarından biri kimi dəyər verildiyini təsdiq edir: "Bu fənnin tədrisinə də yeni tələblər səviyyəsində yanaşılıb.
Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi Vətənimiz kimi qorumalıyıq və sevməliyik. Ədəbi dilimizin qayda-qanunlarının pozulması halları da yayılıb. Bu, televiziya, radio kanallarında, internet resurslarında, dövri mətbuatda, reklamlarda və digər sahələrdə adi bir hala çevrilib. Ona görə də dilimizin tətbiq edildiyi sahələrə daimi nəzarəti gücləndirmək olduqca vacibdir. Dil qaydalarının pozulduğu sahələrdə ciddi və təsiredici tədbirləri həyata keçirmək gündən-günə öz əhəmiyyətini artırır.
Dilimizin qayğısına qalmaq, onun təəssübünü çəkmək hər kəsdən həm də vətəndaşlıq mövqeyi tələb edir. Təəssüflər olsun ki, bu mövqe dilə olan münasibətdə arzuolunan səviyyədə deyil. Ona görə də ədəbi dilimizin qayda-qanunları pozulur, onun imkanlarından düzgün istifadə olunmur.
Azərbaycan dili böyüyüb boya-başa çatdığım, varlığıyla öyündüyüm Vətənimin - Azərbaycan Respublikasının dövlət dilidir".