TƏBİB-in dəstəyi ilə ISO 7101:2023 beynəlxalq standartının mahiyyəti müzakirə olunub

21 Fevral 2025 17:17 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yeni Klinikada ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib. TƏBİB-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, konfransın əsas məqsədi ISO 7101:2023 standartının mahiyyəti, səhiyyə xidmətlərində keyfiyyətin idarə edilməsi, pasiyent məmnuniyyəti və effektiv idarəetmə mexanizmləri haqqında geniş məlumat vermək olub.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartlara uyğunluğun tibbi xidmətlərin dayanıqlılığı və səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, beynəlxalq standartların tətbiqi səhiyyə müəssisələrində idarəetmə proseslərini təkmilləşdirir, xidmətlərin şəffaf və təhlükəsiz şəkildə təşkilinə şərait yaradır, həmçinin pasiyent məmnuniyyətinin artırılması üçün mühüm mexanizmlər yaradır.

Tədbirdə Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov da çıxış edərək səhiyyə sektorunda beynəlxalq standartların tətbiqinin əhəmiyyətini xüsusilə qeyd edib. O bildirib ki, müasir səhiyyə sisteminin inkişafı və dayanıqlılığının təmin edilməsi üçün beynəlxalq təcrübələrə əsaslanan standartların tətbiqi vacibdir və bu yanaşma tibbi xidmətlərin daha təhlükəsiz, effektiv və innovativ olmasına töhfə verir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) yanında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə ölkədə standartlaşdırma prosedurlarının və qaydalarının əhəmiyyətini vurğulayıb. O, standartlaşdırma prosesinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi baxımından mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə həyata keçirilən normativ tənzimləmələr və tətbiq olunan yeni yanaşmalar barədə geniş məlumat verib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu səhiyyə sistemində keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, həmçinin iştirakçılara “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasına dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, bu təşəbbüsün səhiyyə müəssisələrində effektiv idarəetmə sistemlərinin formalaşdırılmasına və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyini bildirib.

Tibb müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə mütəxəssis, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi Günay Paşa ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil edilib. Konfransın sonunda səhiyyə müəssisələrində keyfiyyət menecmenti sistemlərinin təkmilləşdirilməsi və ISO standartlarının tətbiqi ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.