Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

21 Fevral 2025 15:32 (UTC+04:00)

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində işləyir. TƏBİB-dən SİA-ya bildirilib ki, relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər (“Mitsubishi Pajero”, “UAZ”, “Mercedes Vito”, “Volkswagen” markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb. Eyni zamanda, digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində qarlı hava şəraiti ilə bağlı ötən gecədən bu gün səhər saat 14:00-dək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərin müraciəti qeydə alınıb. Onlardan 31 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən yalnız bir nəfər hospitalizasiyadan imtina edib.

Qarlı hava şəraiti ilə bağlı müraciət edənlərlə əlaqədar əlavə məlumat veriləcək.