“Xocalı soyqırımının digər dövlətlər tərəfindən tanınması bir faktdır" - ŞƏRH EDİLDİ

21 Fevral 2025 14:53 (UTC+04:00)

“Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən böyük dəhşətli hadisələrindən biridir. Bu erməni vandalizminin nəticəsində bizim 600-dən çox soydaşımız bir gecə içərisində öz həyatlarını itirmişdi. Bu təkcə Xocalı hadisəsi deyil, belə qəbildən olan hadisələr çoxdur.

1988-ci ildən etibarən ermənilər azərbaycanlıların qətlə yetirilməsi, yurd-yuvalarından qovulması və ən nəhayət 1990-cı illərin əvvəllərində Azərbaycanın 7 rayonunun işğal edilməsi və bu rayonların sakinlərinin öz evlərindən qovulması, onların yaşadıqları evlərin tamamilə darmadağın edilməsi, bizim mədəni-tarixi abidələrimizi məhv etmələri ermənilərin törətdikləri hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında artıq çox böyük işlər həyata keçirilirdi”. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının tanınmaması ilə bağlı, erməni diasporu bütün dünyaya səpələnərək bu hadisənin mahiyyətini başqa səmtə yozurlar, buna baxmayaraq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində bir çox ölkələr Xocalı soyqırımını tanıyır: “Hesab edirəm ki, “Müasir dünyanın Hirosima”sı adlandırılan Ağdamı, digər talan, viran olunmuş şəhərləri, kəndləri, qəsəbələri xarici jurnalistlər, diplomat korpusunun nümayəndələri öz gözləri ilə gördülər. Ondan sonra ermənilərin hansı vəhşiliklər törətdikləri sübut olundu.

Xocalı soyqırımının digər dövlətlər tərəfindən tanınması bu bir faktdır. Bu gec-tez baş verəcək. Ancaq bizdən ötrü qürur ondan ibarətdir ki, artıq biz Xocalıya qayıtmışıq! Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın qisası alınıb. Bu gün artıq Xocalıda insanlar yaşayır, fəaliyyət göstərir. Bizim üçün ən dəyərli olan budur. Xocalı soyqırımının qisasının alınması, ora qayıdıb həyatın qaynaması, insanların yaşaması, eyni zamanda orada yaşayış evlərinin tikilməsi ilə yanaşı, ora köçüb, yaşayan soydaşlarımızın işlə təmin olunması, bu fəaliyyətlə bağlı infrastrukturların yaradılması bizim üçün əhəmiyyətlidir”.