“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar. SİA xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 33 ailə olmaqla, 183 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.