“Hər bir xalqın tarixi, mədəniyyəti və milli kimliyi onun ana dili ilə sıx bağlıdır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın qoruyucusudur. Bu səbəbdən bir çox ölkələrdə ana dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edilir. Azərbaycan Respublikası da bu məsələyə xüsusi diqqət ayırır. Ölkəmizdə qəbul edilmiş “Dövlət dili haqqında” qanun Azərbaycan dilinin dövlət dili kimi tətbiqini və inkişafını tənzimləyir. Bu qanun yalnız rəsmi sənədləşmədə deyil, təhsil, media və ictimai həyatın bütün sahələrində ana dilimizin düzgün istifadəsini təmin etməyə xidmət edir”. Bu sözləri Filologiya elmləri doktoru Elçin İbrahimov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir dünyada qloballaşmanın gətirdiyi çətinliklərdən biri də əcnəbi sözlərin dilimizə hədsiz axınıdır: “Bəzi hallarda bu, zərurətdən irəli gəlir və beynəlxalq terminlər milli dilə uyğunlaşdırılaraq qəbul edilir. Lakin bəzən əcnəbi sözlərin həddən artıq istifadəsi ana dilimizin təmizliyinə zərbə vurur. Məhz bu səbəbdən dil mütəxəssisləri və alimlər yeni anlayışlara milli terminlər tapmaq üçün fəal şəkildə çalışırlar.
Azərbaycan dili bu gün inkişaf dövrünü yaşayır. Televiziya və radio verilişlərində, rəsmi sənədlərdə və elmi nəşrlərdə dilin saflığının qorunması əsas şərtlərdən biridir. Eyni zamanda, gənc nəsil arasında ana dilinin düzgün təbliği də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün keyfiyyətli dərsliklərin hazırlanması, ədəbi nümunələrin geniş yayılması və ictimaiyyətdə dilə qarşı həssas münasibətin formalaşdırılması vacibdir.
Unutmayaq ki, ana dilimizi qorumaq sadəcə dilçi alimlərin və ya dövlətin işi deyil. Bu, hər birimizin üzərinə düşən tarixi bir məsuliyyətdir. Ana dilimizi yaşatmaq, onu yad təsirlərdən qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur!”