"Çox təəssüf ki, Paşinyanın sülh sazişinin imzalanması ilə bağlı fikirlərinin müsbət tərəfə doğru dəyişdiyini göstərən ciddi bir əlamət hələlik yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ortada olan yeganə və əvvəlkilərdən fərqli görüntü onun konstitusiya dəyişikliyi ilə bağlı bir az aktivləşməsidir: "Amma bu, yalnız konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistan hakimiyyətində iradənin olduğu formasında özünü göstərir. Yəni konstitusiyanın dəyişdirilməsi heç də sülh sazişinin imzalanmasının sürətləndirilməsi məqsədinə xidmət etmir. Çünki Ermənistanın bütün elitası başda Paşinyan olmaqla hər biri bəyan edir ki, Ermənistanın konstitusiyası dəyişdiriləcək, lakin bu, hər hansı bir kənar təsirin altında yox, ancaq daxili tələbatlar nəticəsində dəyişiləcək. Bu, o deməkdir ki, onlar Ermənistan konstitusiyasının Azərbaycanın tələbi əsasında və Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması formasında həyata keçirmək niyyətində deyillər. Konstitusiya dəyişikliyi sadəcə onlara, Paşinyana Ermənistanın yeni milli ideologiyasını təsdiqləmək və əvvəlki dövrlərdə, guya, legitim yolla qəbul olunmamış konstitusiyanı bir legitim və referendumlu konstitusiya ilə əvəz etməkdir. Daha doğrusu, Paşinyan konstitusiya dəyişikliyini Azərbaycanla sülh sazişini imzalamaq üçün pillə hesab etmir. Çünki konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını götürmək fikri yoxdur. Sadəcə konstitusiya dəyişikliyini özünün əvvəlki iqtidarlardan üstünlüyünü və Ermənistanın tarixinə legitim bir konstitusiya gətirmiş prezident kimi daxil etmək üçün istifadə etmək istəyir. Buna görə də, Ermənistanın yaxın vaxtlarda sülh sazişini imzalayacağı gözlənilmir. Hətta 2026-cı ilin axırlarında konstitusiya dəyişsə belə, həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının götürüləcəyi ilə bağlı dəqiq bir mövqenin olacağı gözlənilmir. Çünki onlar hesab edirlər ki, onların konstitusiyasında, xüsusilə də, müstəqillik aktına istinadda Azərbaycana qarşı hər hansı bir ərazi iddiası yoxdur".