Əsgəran qala-kompleksində açıq səma altında tarixi park yaradılacaq. SİA xəbər verir ki, bu barədə Əsgəran qala-kompleksinə təşkil olunan mediatur zamanı bildirilib.
Qeyd edilib ki, qala Azərbaycan dövləti tərəfindən bərpa olunur.
Qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.
Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.
Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin ödənilməsi xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.
Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir.
Qalanın adı isə Əsgəran adlı yerlə bağlı olub Azərbaycan dilindəki əski (köhnə, qədim) və Aran toponimindən ibarət olub, (Köhnə Aran, Qədim Aran) mənalarını daşıyır.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.
Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.
Tarixi abidə işğalçılar tərəfindən erməniləşdirilməyə məruz qalan abidələrmizdən biridir. İşğal dövründə Ermənistan tərəfi Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işləri aparıb. İşğalçı rejim Əsgəran qalasını özünküləşdirmək naminə tarixi abidənin görkəminə ciddi zərər vurublar.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.