""Böyük Qayıdış" prosesi Azərbaycanın dünyaya örnək göstərdiyi siyasi xətlərdən biridir. Ümumiyyətlə, ölkəmizin koronavirus pandemiyasının ən kəskin dövründə torpaqlarını işğaldan azad etməsindən və ərazi bütövlüyünü bərpa edən sonra həyata keçirdiyi addımlar düşünülmüş konseptual və məntiqli siyasətin ən yaxşı nümunələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, "Böyük Qayıdış" prosesi çərçivəsində öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız Azərbaycan iqtisadiyyatının inkişafına yeni töhfələrin verilməsinə səbəb olacaq. "Çünki 30 il ərzində Ermənistan Azərbaycan iqtisadiyyatı, sənayesi və aqrar siyasəti üçün əhəmiyyətli olan torpaqlarımızı işğal etmişdi. İşğaldan azad olunmuş torpaqlarımızın öz sakinləri yenidən öz yurdlarında yaşamağa başlayıblar. "Böyük Qayıdış"dan müəyyən müddət sonra sözügedən bölgələrin özünəməxsus turistik imkanları inkişaf edəcək, həmin bölgələrdə yaradılan yeni iş yerləri və istehsal sahələri, o cümlədən daxili və xarici kapital fonunda formalaşacaq yeni investisiya mühiti Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olacaq. Bu baxımdan işğaldan azad olunmuş torpaqlara "Böyük Qayıdış" bütün mənalarda ölkənin dövlət büdcəsinə daxilolmalarda müsbət rola malikdir. Eyni zamanda həmin ərazilərə qayıdan insanlarımız inkişaf üçün yeni cəhdlər edəcəklər və yeni kənd təsərrüfatı sahələri formalaşdırmağa cəhd edəcəklər. Bu, iqtisadi və sosial baxımdan ölkəmiz üçün vacibdir", - deyə Tural İsmayılov qeyd edib.
Ekspert bildirib ki, gərgin iş qrafikinə rəğmən cənab Prezident daim Qarabağa səfərlər edərək insanlarla görüşür ki, bu da cəmiyyət üçün önəmli motivasiyadır.