Yollarda qar təmizlənir, buzlaşmanın qarşısı alınır

21 Fevral 2025 10:31 (UTC+04:00)

Qeyri-sabit hava şəraiti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün kifayət qədər maşın-mexanizm və texnika çıxarıb. Bu barədə SİA Agentliyə istinadən xəbər verir.

Məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

AAYDA-ya məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

Gecə boyu və səhər saatlarında Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb.

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Agentlik tərəfindən yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.