Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 21 fevral “Beynəlxalq ana dili günü” çərçivəsində “Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib. SİA xəbər verir ki, seminarın məqsədi dil və cəmiyyətin qarşılıqlı əlaqəsini dəyişən cəmiyyətin prinsipləri çərçivəsində müasir yanaşmalarla izah etmək olub. Bu məqsədlə seminar akademik nümayəndələrlə gənc nəsli bir araya gətirərək interaktiv və yaradıcı bir görüşün reallaşmasına zəmin yaradıb.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova seminarı açıq elan etdikdən sonra əsas məruzəçilərin çıxışları ilə tədbir davam edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov “Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi yolları” mövzusunda, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, professor Fərrux Rüstəmov “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin dil uğrunda mübarizəsi” mövzusunda, YUNESKO-nun Seçki qrupunun eksperti, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri dosent Vəfa Abdullayeva – Nəbiyeva “Dil normativlərinin qorunması, sosial təşviqat” mövzusunda və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov “Azərbaycan dilinin tədrisi və təbliği dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzusunda məruzələrini edib, seminar iştirakçılarının suallarını cavablandırıblar.
Tədbirdə Xəzər Universitetinin tələbələri ilə yanaşı Dünya məktəbinin 10-cu sinif şagirdləri də aktiv şəkildə iştirak ediblər.
Daha sonra tədbirin əsas məqsədini – dilin cəmiyyətə və cəmiyyətdəki dəyişikliklərin dilə təsirini əks etdirən videoçarx izlənilib. Süni zəka ilə səsləndirilən materialda ana dilimizə müasir yanaşma xətti izlənilərək Azərbaycan dilinin texnologiyanın dili olma potensialının cari vəziyyəti müşahidə edilib.
Seminar tələbələrin Xəzər Universitetinin “Hər gün, hər saat mükəmməlliyə doğru!” şüarını fərqli dillərdə səsləndirmələri ilə başa çatıb.