“Təbii resusrlarla zəngin ölkələrin iqtisadiyyatlarının dizayn olunmasında və formalaşmasında neft və qaz kimi faktorlar hər zaman önə çıxır. Bu faktorların təsirləri bir sıra hallarda iqtisadçılar tərəfindən xarakterizə olunur. Çünki iqtisadiyyat faktorlar üzərində cəmləşmiş təşəbbüslərin nəticəsidir. Bu təşəbbüslərin düzgün idarə olunmaması halında, təbii axar yaxud nöqsanlı siyasət həmin təşəbbüsləri resurslara yönəldir. Çünki resurs istismarından qaynaqlanan iqtisadiyyatın yaratdığı əlavə dəyər daima yüksəkdir. Həmçinin daha rahat şəkildə çoxlu gəlir əldə etmək mümkün olur. Bəzi hallarda bazarda rəqabət çox zəifdir. Şirkətlər, sahibkarlar həmin məhsulları realizə edilməsi baxımından bir sıra çətinliklərlə üzləşmirlər. Bu kimi faktorlar nəticəsində həm özəl investisiya, həm də dövlət investisiyası daha çox resursa yönəlir”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, digər iqtisadi sektorlar resurs sahəsi ilə müqayisədə kölgədə qalır: “Eyni zamanda mənfəət norması daha zəif olduğu üçün cəlbedici olmur. Nəticə də faktiki olaraq iqtisadiyyatın resurs əsasında formalaşması yaxud da ən yaxşı hallarda şaquli diversifikasiya istiqamətli təşəbbüslərin olduğu bir model ortaya çıxır. Bu proses hökümətlərin gəlirlərinin də resursdan formalaşması ilə bağlı bir konyunktur olduğu üçün, hökümətlərin özü də digər sahələrin inkişafına çoxda səy göstərmirlər və hətta bir sıra hallarda maraqlı olmurlar. Burada artıq idarəetmə modellərinin yanaşmaları və kifayət qədər fərqli məqamlar vardır. Bu özü-özlüyündə bizim alışdığımız ənənəvi resursdan asılı, kasıb, yoxsul əhalisi olan ölkələrin olmasına gətirib çıxarır. Amma son iki on ildə müzakirə olunan başqa bir məsələdə vardır. Yəni ənənəvi resurs hər zaman istifadə olunur, amma bununla yanaşı resurs bolluğunun yaratdığı hansısa faydalardan istifadə edən icmalar daha çox gəlir əldə edə bilirlər, həmçinin inkişaf edə bilirlər”.
Ekspert bildirib ki, Norveç, ABŞ, Böyük Britaniya təcrübələri buna bariz nümunədir: “İnsan kapitalı və ekosistem resursa hazırdırsa, onu həzm edə bilirsə, bu zaman resurs bolluğunun yaratdığı inkişaf istiqamətli meyillər ortaya çıxır. Amma buna icma, idarəetmə hazır olmadıqda, insan kapitalı cavab vermədikdə, həmçinin ekosistem bunu dəstəkləmədikdə resursun özü bir ölkə üçün lənətə çevrilir. Bunun nəticəsində isə kifayət qədər iqtisadi fenomenlər yaranır. Əgər iqtisadiyyat resursdan asılıdırsa, onun xarici punktasiyalara dayanıqlılığı adətən zəif olur. Buna görə də xarici investisiya bu kimi iqtisadiyyat da ya əvvəlcədən razılaşdırılmış qaydalarla uzunmüddətli investisiya edir, ya da uzunmüddətli investisiyadan çəkinir. Yəni bu bir seçimdir və rasional investisiya bunu dərk edərək görür”.