Brüssel: Ukrayna demokratikdir, Rusiya isə yox!

21 Fevral 2025 00:26 (UTC+04:00)

Avropa Komissiyası ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə və Ukraynanın demokratik təsisatlarına qarşı şifahi hücumunu şərh edib. ...Bizim bu məsələdə aşıq və aydın mövqeyimiz var: Prezident Zelenski azad, ədalətli və demokratik seçkilər nəticəsində qanuni olaraq seçilib.

“Ukrayna demokratikdir, Rusiya isə yox!”

Avropa Komissiyasının sözçüsü Stefan de Keersmaeker cümə axşamı, fevralın 20-də Brüsseldə keçirdiyi brifinqdə deyib bunu.

Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək nümayişi olaraq və ABŞ-ın yeni prezident administrasiyası, eləcə də Trampın özünün artan hücumları fonunda, Avropa Komissiyası Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevə səfər edəcək.

Belə ki, fevralın 24-də Avropa Şurasının prezidenti Antonio Kosta və İspaniyanın baş naziri Pedro Sançes də Ukraynanın paytaxtına gələcəklər.

Həmin gün Avropa İttifaqı Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək niyyətindədir.

Sanksiyalar paketi Brüsseldə keçiriləcək görüşdə Avropa İttifaqı xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.

Yeni paketə alüminium idxalına qadağa, on üç Rusiya bankının SWIFT-dən ayrılması, neftin qiymətinin yuxarı həddini aşaraq Rusiyadakı on bir liman və hava limanı ilə əməliyyatlara qadağa, Rusiyanın “kölgə donanmasının” 73 gəmisinə qarşı sanksiyalar, yayım lisenziyalarının dayandırılması kimi tədbirlər daxildir.

Əli Babayev