Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir. SİA xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna dəyişiklik təklif olunur.
Layihə Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Baytarlıq haqqında" qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir.
Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilmiş və qeydiyyatın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.
Layihəyə əsasən, qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir.
Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunmuşdur. Belə ki, layihəyə əsasən heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcəkdir.
Qanun layihəsində vurğulanıb ki, məlumatların təqdim edilməsi "Lisenziyalar və icazələr haqqında" qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.
Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.