Ermənistandan hansı fərqli davranış gözlənilə bilər? - MÜSAHİBƏ

19 Fevral 2025 13:02 (UTC+04:00)

Jurnalist Kamran Həsənlinin SİA-ya müsahibəsini təqdim edirik:

- Artıq 2025-ci ilə qədəm qoymuşuq. Hələ də Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən heç bir addım irəli sürülmür, sülh sazişinə imza atılmır. Zəngəzur dəhlizi ilə bağlı məsələ hələ də qaranlıq qalır. Paşinyanın məqsədi nədir, hansı addım atmağı planlaşdırır?

- Paşinyan müstəqil deyil ki, hansısa addım atsın. Paşinyanın sabah sülh müqaviləsinə qol çəkməyə razılaşması ilə heç nə həll olunmur. Yadınızdadırsa, üçtərəfli müqavilədə rus ordusu sülhməramlı adı ilə ölkəmizə burunlarını soxmuşdular. Həmin müqaviləyə görə Zəngəzurdan keçən yolda, Laçın dəhlizində Rus ordusu dayanmalıdır, hər yerə nəzarət etməlidir. Rusiya dünyaya göstərirdi ki, burada hegemondur. Gələn kimi erməniləri Qarabağa gözümüzün qabağına köçürməyə, bizə göz dağı verməyə başladılar. Hər yerə Rus bayrağı asdılar, Putinin şəkillərini asdılar. Araiklə şəkillər çəkdirdilər. Moskvadan Vartanyanı göndərdilər. Bunlar Moskvanın planı idi. Əslində Vartanyanı Ermənistan prezidenti kimi transfer edəcəkdilər. Amma plan alınmadı. Çünki Azərbaycan ordusu işğalçını sındırmağı bacardı, yerində otuzdurdu. Ümumiyyətlə, Rusiya ilə hansı müqavilə bağlanılırsa, onu birinci sən pozmalısan, onlar heç zaman pozmayacaq. Çünki onlar heç bir müqavilənin arxasında dayanmırlar. Bunu tarix boyu gördük. Bizim Prezidentimiz də bunu qeyd etdi. Çünki onlar tarixi ənənələrini davam etdirirlər. Bunu biz pozduq, yəni ərazi bütövlüyümüzü bərpa etdik. İşğalçıları Laçın dəhlizindən iti qovan kimi qovduq. Amma onlar Ermənistan ərazisində dayanıblar. Həmişə politoloqlar, siyasətçilər bu məsələyə Azərbaycan və Ermənistan arasındakı problem kimi şərh edirlər. Heç zaman demirlər. Onlar orada dayanıbsa, təbii ki, gediş-gəliş bağlıdır. Quldur kimi yolun ortasında dayanıblar. Ermənistanla da Azərbaycan arasında münasibət sözünün özü əslində yanlışdır. Çünki Ermənistan rusların proyektidir. Cənab Prezident qeyd etmişdi ki, ermənilərin Qarabağa köçürülməsi rusların cinayətidir. Zəngəzuru da ona görə yaradıblar ki, türk dünyasının arasına şlaqbaum atsınlar. İranla əl-ələ verib buna nail olublar. Qərb də bu proyektdə iştirak etsə də, bu dövləti yaradan Rusiyadır. İndi Rusiya üçün Ermənistanı manipulyasiya etmək çətinləşib. Çünki Azərbaycanın qələbəsi nəticəsində Ermənistan Rusiyanın əleyhinə çevrilmiş bir ölkə olub. Bu, tarixən birinci dəfədir. Görün, Rusiya Qafqazda nə böyük dərd yaradıb. Həm xalqların arasını vurub, həm qan tökülür, indi də dayanmır, üstəlik özü də qanın içindədir. Haraya əlini uzadıbsa, qan salıb. Yolun açılması üçün ermənilər Rus ordusunu çıxarmalıdırlar. Öz yollarına nəzarət etdikdən sonra oturub bizimlə söhbət edə bilərlər. Paşinyan subyekt deyil. O vaxt subyekt ola bilər ki, öz ərazisinə özü cavabdeh olsun.

- İranın burada maraqları nədir, niyə mane olmaq istəyir?

- Əslində İran özü də yaranmış bir proyektidir. Azərbaycan türklərini təşkil edən Oğuz birliyidir. Biz İran ərazisinə haradasa, XI əsrin əvvəllərində gəlib öz dövlətimizi qurmuşuq. Biz gələndə fars dövlətləri çoxdan tarixdən silinib getmişdilər. Biz birinci Səlcuq dövlətindən başlayaraq Ağa Məhəmməd şah Qacara qədər İran həmişə türk dövləti olub. Həmişə də Qərb Rusiya ilə əlbir olub çalışıblar ki, türklüyü məhv etsinlər. Onların bizə qarşı intiqam hissi var. Rusiya özünü üçüncü Roma elan edib. Həmişə deyiblər ki, türklüyü məhv edəcəyik, Romanı bərpa edəcəyik. 20-ci əsrin əvvəllərində gözlənilmədən Pəhləvilər sülaləsini canlandırdılar. Pəhləvilər 2 min il bundan əvvəl olub. Hansısa mehtərin adını Rza şah Pəhləvi qoydular. O rus kazakı idi. Onu şahənşah elan etdilər. Guya, pəhləvilər xortladı. O, türk dilini fars dilindən daha yaxşı bilirdi. İngilislərlə fransızlar həmişə tarix boyu savaşlar ediblər. Onların savaşlarının yanında bizim ermənilərlə savaşımız 5% deyil. Sonra fransızlar Xomeynini gətirdilər. Guya, İslam cümhuriyyəti yaratdılar. Orada İslamdan bir faiz yox idi, ümumiyyətlə, anti-islam dövlətidir. Fikir versəniz, bütün İslam dövlətləri ilə də düşməndir. Amma Ermənistanla dostdur. Ona görə tarixə ekskursiya edirik ki, Zəngəzur şlaqbaumu rus və yalançı fars dövləti türk dünyası üçün yaradıb. Düzdür, İranda türklüyü tam silə bilmədilər. Xalq özü adı üzərində saxladı. Şimali Azərbaycanda isə bacarmışdılar, Turan deyəni tuturdular. Hüseyn Caviddən tutmuş Mikayıl Müşfiqə kimi hamısını həbs edirdilər. 70% türk deyilik, azərbaycanlıyıq deyənlər var. Onlar asta-asta azalmaqdadır.

Düşmənə elə gəlir ki, şlaqbaumdur. Bizim sülh məsələmiz uzandıqca vaxt xeyrimizə işləyir, amma onların yox. Çünki gələcəkdə İranda gedən proseslər nəticəsində soydaşlarımız öz haqlarını qazandıqdan sonra Çindən gələn logistik yol, Türküstandan gələn neft-qaz boruları Zəngəzurun yanından, Azərbaycan üzərindən Xəzər dənizinə varmadan quru yol ilə Türkiyəyə keçəcək. Ermənistan kənarda qalacaq. Ermənistan idi imza çəkməsə, iki milyon əhalisi oradan köçəcək. Necə ki Qarabağdan köçmüşdülər, deyəndə də "bizə deyiblər" deyirdilər. Ermənistan məcbur olacaq Türkiyə ilə aranı açsın. Oraya türk şirkətləri, iş adamları keçəndən sonra Türk bayrağı asacaqlar, Türk bayrağı asılıbsa, yanında Azərbaycan bayrağı da asılacaq. Gələcək bizim üçün parlaqdır. Öz qaldıqları quyuya düşəcəklər.

- Ermənistanda konstitusiya dəyişikliyi olarsa və sülh müqaviləsi imzalanarsa, bu proseslərin inkişafına necə təsir göstərə bilər?

- Regionda abu-hava dəyişə bilər. Ermənistan tələsməlidir. Verilən suala səlis, dəqiq cavab vermək üçün hökmən tarixə ekskursiya etmək lazımdır. Son zamanlar onu da ruslar bacarmışdılar ki, kim tarixdən danışırdısa, icazə vermirdilər. Onlar elə bilirlər ki, siyasətlə tarix ayrı elmdir. Yəni film min il bundan əvvəl başlayıb. Əvvəli bilməsən, düşməni dost, dostu da düşmən biləcəksən. Zəngəzuru Sovet İmperiyası yaradıb. Gəncənin adını Yelizavetpol qoymuşdu. Bütün təbəqələrinə, guya, eyni gözlə baxırmış kimi edirdi. Bakıya daha çox diqqət göstərirdi. Çünki Bakıda neft çıxdı, Qərb İrəvanda deyil, Bakıda idi. Qərbin ən böyük milyarderləri Bakıya gəlmişdi. O dəqiqə mədəniyyət inkişaf etməyə başladı. Biz ermənilər önündə avantaj qazandıq, baxmayaraq ki, erməniləri özləri köçürmüşdülər, onların ərköyün balaları idi. Amma Sovet İmperiyası Ermənistanda anti-türk təbliğatına başladı. Postsovet məkanında hamını məcbur etmişdi ki, bizə azərbaycanlı desinlər. Amma ermənilər türk deyirdilər. İrəvanın mərkəzində türklərin etdiyi soyqırımına aid məqbərə düzəltmişdi. Bütün günü erməniləri onun başına fırladırdı. Deyirdi ki, türk səni öldürüb, sənin düşmənindir. Bizdə isə Şaumyan, Kirovun heykəlini qoymuşdu. Azərbaycan və Ermənistan arasında ayrı-ayrı psixoloji mental toplumlar yaratmışdı. Bizdə milliyyətçiliyi olmayan, adını bilməyən, keçmişinə nifrət edən manqurt bir cəmiyyət yaratmışdı. Bunlar 80% idi, digər 20%-dən isə Xəlil Rza Ulutürk kimi çox böyük şəxsiyyətlər çıxıblar. Bizim tələbimiz haqlıdır, ədalətlidir. Onların konstitusiyasında bənd var ki, ərazi iddiası edirlər, biz necə müqavilə bağlayaq. Bənd dəyişilməsə təzədən müharibə başlayacaq.

- Əgər proseslər sülhə getməsə, yəqin ki, yenidən müharibə baş verə bilməz.

- Ermənilərlə yox, amma başqa müharibələr baş verə bilər. Təsadüfi deyil ki, Zelenski indi Türkiyədədir. Rusiyanın ürəyində anti-türk düşmənliyi qalxıb. Azərbaycanda hətta Qərb adı altında bir çox qurumlar Rusiyanındır. Gedib İngiltərədə ofis açırlar, rusa işləyirlər. İran da orada işləyir. Rus casusluq məktəbi olduqca təhlükəli, qüdrətlidir. Onunla mübarizə aparmaq üçün o cəsusları buradan bir-bir ləğv etmək lazımdır. Elə fikirləşməyin ki, onlar ancaq Parlamentdə, siyasi sistemlərdə var, bütün sferalarda belədir. Televiziyada da belədir. Düşmən ancaq siyasi məqamlarda hərəkət etmir. Düşmən səni mənəvi məqamlarda məhv etməsi daha pisdir. Bir faktı deyim ki, ikinci dünya müharibəsi dövründə İngiltərədə mənəviyyatın məhv olması üçün Almaniya milyardlarla pul xərcləyib. İngilislər elə bilsinlər ki, onlar mənəviyyatsızdırlar, əxlaqsızdırlar, prinsipial deyillər, yəni millət özünə nifrət etsin. Bu saat bizim televiziyamızın böyük hissəsi ona işləyir. Bu, ən böyük zərbədir, casusluq elə bundan ibarətdir.

- Amerikada yeni prezidentlik dövrü başladı. Trampın Putinlə telefon danışıqları olmuşdu. Bu günlərdə də xarici işlər nazirlərinin səviyyəsində görüş keçirilib. Trampın prezidentliyi dövründə Ermənistana nələr vəd olunur?

- Trampın hakimiyyətə gəlişi onu göstərir ki, dünyada siyasi krizis var. Bu siyasi krizisin də başında Amerika dayanıb. Miqrantları Amerikadan qovmaqdan danışdı. Halbuki özü də, bütün amerikalılar gəlmədilər. Amerikanın miqrantları Avropadan gələnlərdir. Ən mübariz, ən energetik insanlardır. Oranı quranlar yeni düşüncə gətiriblər. Onların ideologiyasına görə Vətən yaşadığın ölkə deyil, Vətən bütün yer kürəsidir. Bu ideologiya qədim Yunan filosofu Diagenindir. Görürsünüz ki, onlar öz parlamentlərini qədim Roma üslubunda qurublar. Təsadüfi deyil, onlar doğurdan da, bütün dinləri kənara qoyurlar, deyirlər ki, hamısı yaşamalıdır, biz dünyanı idarə etməliyik, dünyanın gələcəyini biz həll etməliyik. Əslində kosmopolitizm pis deyil. Olduqca böyük texnoloji nailiyyətləri var. Avropadan gələn miqrantların ən energetik insanları yığıldıqdan sonra bir energetika nüvəsidir Amerika. Onlar hələ bilmirdilər ki, dövlətin adını nə qoysunlar. İndi 340 milyona yaxınlaşırlar. Son vaxtlar Sovet İmperiyası dağıldıqdan sonra gedənlər, Əfqanıstan, Pakistandan gedənlər artıb. Səs verənlər də bu kütlədir ki, onlara maraqlı deyil, kim seçildi. Tramp da onların səsini qazanıb, onlara işləyir. Tramp özü krizisdir. Onun hərəkətləri psixoloji problemi olan adamın hərəkətlərinə bənzəyir. O elə fikirləşir ki, dünyanı xilas edəcək, onda hər şey alınır, Nobel mükafatı da alacaq. Əslində belə deyil. Putinin də psixoloji problemi çox dərindir. Təəssüf ki, dünya belə insanların əlindədir. Mənə elə gəlir ki, Trampın psixoloji problemi çox sadədir. Tramp tikinti ilə məşğul olub. Onun üçün deyirlər ki, çox uğurlu biznesmen olub. Həmişə bonkrot olub. Televiziya aparıcısı olub. Televiziyada uğuru var. Amma iflas etdikdən sonra Rusiyaya gəlib. Rusiyada gözəllik konkursu yaradır və burada çox pul qazanır. Halbuki bundan çox pul qazanmaq olmur. Fakt var ki, ona otelə rus qızları gətirirlər. Bunlar Rusiyanın əlindədir. Putinlə danışan kimi o, yumşalır. Onun bütün hərəkətlərində fiasko var.