“Siyasətin arxasında dayanan iqtisadi gücdür” - EKSPERT AÇIQLADI

19 Fevral 2025 12:17 (UTC+04:00)

“Ölkələrarası ticarət əlaqələri infrastruktur, nəqliyyat növlərindən asılı olmayaraq ölkələrin iqtisadi inkişafı və beynəlxalq əlaqələr üçün çox mühüm əhəmiyyət kəsb edir. Məhz XXI əsrdə yeni innovasiyalar və texnologiyalar elə bir şərait yaradıb ki, iqtisadi inkişaf nəqliyyatın bir çox növlərindən asılıdır. Strateji körpülər və kanallar beynəlxalq əlaqələrin tənzimlənməsində, iqtisadi inkişafa nail olmasında olduqca böyük əhəmiyyəti mövcuddur. Amma bununla yanaşı dəhlizlərin, beynəlxalq əhəmiyyətli yolların inkişafında, dünya ölkələrinin iqtisadiyyatında çox mühüm rol oynayır. Bu məsələlərə diqqət yetirdikdə, Azərbaycanın əldə etdiyi bütün uğurları mütləq qeyd etmək lazımdır. Beləki, Azərbaycanda salınan körpü saylarına görə, eyni zamanda regionu birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə iqtisadi inkişafa təsir edən mal dövriyyəsinin məhz bu yolla həyata keçirilməsi, eyni zamanda Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün mühüm əhəmiyyətə malikdir. Bunlar iqtisadiyyatın inkişafına çox təsir göstərən amillər kimi qeyd olunmalıdır. Strateji körpülər və kanallar həmçinin bir neçə dövləti yox, region dövlətlərini əhatə etdiyi üçün əhəmiyyətlidir. Yəni dünya iqtisadiyyatının dövriyyəsində, mal mübadiləsində çox böyük rol oynayır. Bu baxımdan "Bosphorus" və "Süveyş" kanalları, həmçinin digər körpülərin mövcudluğu müxtəlif ölkələrin istər daxilində, istərsə də qonşu dövlətlərlə əlaqə baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda iqtisadi inkişafın təməlində məhz bu münasibətlər dayanır”. Bu sözləri iqtisadçı ekspert Vüqar Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, "Süveyş" kanalı Misirdə inşa olunub: “Hal-hazırda bu kanalın gəlirliyi o qədər yüksəkdir ki, səhmləri dünya birjasında çox yüksək qiymətə satılır. Dünya ticarətinin təqribən 10% "Süveyş" kanalı vasitəsilə həyata keçirilir. "Panama" kanalı çox böyük əhəmiyyətə malikdir. Qitələr arasında ticarətin aparılması baxımından olduqca əlverişlidir. Bundan əlavə "Bosphorus" kanalı Avropa və Asiyanı birləşdirir. Bu kanal ticari baxımdan çox ciddi dəyərə malikdir. Hətta Türkiyə Cumhuriyyəti bu yaxınlarda "İstanbul" kanalının tikilmə layihəsini irəli sürüb. Bu hal baş verərsə, təbii ki boğazın əhəmiyyəti daha da yüksələcək və Türkiyə iqtisadi baxımdan strateji mövqelərə sahib olacaq. Bu tarixi əhəmiyyətə malik olan boğaz və kanalların mühüm xüsusiyyəti ondan ibarətdir ki, həmin kanalların üstündə çox böyük müharibələr baş verib. Müxtəlif dövlətlər həmin bölgələrdə nüfuz sahibi olmaq istəyiblər və boğazlara nəzarəti ələ keçirməklə bir çox hallarda dünyanın müqəddəratına təsir göstəriblər”.

Ekspert həmçinin bildirib ki, siyasətin arxasında dayanan iqtisadi gücdür: “Bu güclər kanallar, boğazlar vasitəsilə əldə olunur. Bu baxımdan ümumdünya ticarəti məhz bu yollarla həyata keçirilir. Bu kanallar hamısı strateji əhəmiyyətə malikdir. Strateji əhəmiyyət yalnız maddi gəlirlə bağlı deyil, həmçinin körpülərin, kanalların və boğazların sahib olduğu dövlətlərin büdcələrinə daxil olan milyardlarla ölçülür. Yəni iqtisadi gücünü artırır, siyasi təsir imkanlarını gücləndirir. Bununla yanaşı "Süveyş" kanalı vasitəsilə ticarət aparmaq istəyən ölkələr mütləq şəkildə Misir dövləti ilə əmin-amanlıq içində əlaqələr qurmalıdırlar. Bu da sülhün və təhlükəsizliyin təmin edilməsində çox mühüm amillərdən biridir. Həmçinin XXI əsrin ən mühüm proyektlərindən biri olan Zəngəzur dəhlizini də diqqətdə saxlamalıyıq. Buna maneə olan dövlətlər də anlamalıdır ki, ölkələrin iqtisadi inkişafı və vətəndaşlarının firavan yaşatması üçün bu tip layihələrin qarşısı alınmamalıdır”.