Azərbaycanda hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət ərizəsində əks olunmalı məlumatlar genişləndirilir. SİA xəbər verir ki, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Belə ki, dəyişikliklə hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar da tələb olunacaq:
-soyadı, adı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
-vətəndaşlığı;
-yaşayış yeri
-birbaşa və ya dolayı benefisiar mülkiyyətçisi olması;
-hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;
-hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və mülkiyət zincirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri və onların nizamnamə kapitalındakı payı;
-hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.