Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

19 Fevral 2025 10:46 (UTC+04:00)

Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Komandanın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib, təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.