Krasnodar diyarında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyasına PUA hücumu olub. SİA xəbər verir ki, şirkətdən verilən məlumata görə, neftin CPC sistemi ilə nəqli davam edir, lakin bu proses zədələnmiş stansiyadan yan keçməklə aşağı sürətlə aparılır. Tələfat və neft sızması təhlükəsi yoxdur. CPC hadisə ilə bağlı bütün beynəlxalq səhmdarları, o cümlədən ABŞ və Avropa təmsilçilərini xəbərdar edib.
Xəzər Boru Kəməri Konsorsiumu Xəzər regionundan neftin dünya bazarlarına ixracını təmin edən ən böyük neft nəqli sistemidir. Marşrut Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir. Kəmərin gücü ildə 60 milyon tondan artıq xam neftdir. Son təyinat Novorossiyskdəki CPC dəniz terminalıdır, burada neft ixrac üçün tankerlərə yüklənir.