Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

16 Fevral 2025 22:40 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12 kvadrat metr olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5 poqonometr elektrik kabeli yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.