İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələri və bir qrup məktəblinin iştirak etdiyi tədbirdə pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Döyüş yoldaşları şəhidin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.