Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse ilə görüşüb.
SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib.
Xüsusilə, ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb.
Bu kimi addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib.
Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.