Fevralın 14-də 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, üçgünlük konfransda 60 dövlət və hökumət başçısı, o cümlədən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens, Dövlət katibi Marko Rubio, eləcə də 100-dən çox nazir iştirak edir.
Prezident Frank-Valter Ştaynmayer konfransın açılışındakı çıxışında Almaniyanın xarici və təhlükəsizlik siyasətinin avropayönümlü, Trans-Atlantik və çoxtərəfli olduğunu vurğulayaraq deyib: “Hətta siyasi keçid dövründə belə biz öz maraqlarımızı müdafiə edəcək, ortaq həll yolları axtaracaq və beynəlxalq tərəfdaşlıqlarımızı genişləndirəcəyik”.
ABŞ Prezidenti Donald Trampı xarici siyasətdə məsuliyyətsizlikdə ittiham edən Frank-Valter Ştaynmayer Birləşmiş Ştatların yeni administrasiyasının dünyaya fərqli baxdığını, mövcud qaydalara, tərəfdaşlığa və inama hörmət etmədiyini vurğulayıb. Bildirib ki, nizamsızlıq dünyanın yeni düzəni üçün əsas prinsipə çevrilməməlidir.
Almaniyanın NATO-dakı roluna toxunan Frank-Valter Ştaynmayer ölkəsinin müdafiə xərclərini Alyansın müəyyən etdiyi 2 faiz hədəfindən daha çox artırmalı olduğunu bildirib və Bundesverin daha da gücləndirilməsinin vacibliyini qeyd edib: “Bir onillik sonra biz əvvəlcədən razılaşdırıldığından daha çox xərcləməliyik. Bundan qaçmaq mümkün deyil”.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen çıxışında İttifaqa üzv dövlətlərin hərbi xərclərinin artırılmasına imkan verəcək borc qaydalarına xüsusi maddənin tətbiqinin vacibliyini qeyd edib.
ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens çıxışında Avropada demokratiya və ifadə azadlığının məhdudlaşdırılmasından narahatlığını ifadə edib, bunun Rusiyadan və Çindən gələn xarici təhlükələrdən daha ciddi təhdid olduğunu vurğulayıb. Avropa Komissiyasının sosial media ilə bağlı addımlarına xüsusi toxunan C.Vens bu tədbirlərin ifadə azadlığına zərbə vurduğunu deyib.
Qeyd edək ki, konfrans çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens arasında geniştərkibli görüş keçirilib.
Hər il olduğu kimi, 61-ci Münxen Təhlükəsizlik Konfransı da beynəlxalq siyasət sahəsində fikir mübadiləsi üçün geniş imkanlar təqdim edir. Konfransın proqramı üç mühüm hissədən - əsas proqramdan, 200-dən çox rəsmi paralel tədbirdən və ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələrdən ibarət olacaq. Tədbirin birinci günündə əsasən qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər mühüm çağırışlar ön planda olacaq. Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində saxlanılacaq, Trans-Atlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr keçiriləcək. Konfransın sonuncu günündə - fevralın 16-da isə Avropanın qlobal siyasətdəki rolu ilə bağlı debatlar təşkil olunacaq. Konfransın sonuncu günündə, həmçinin NATO-nun sabiq Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədrliyini Kristof Hoysgenddən təhvil alacaq.
Xatırladaq ki, ötən gün Münxendə əfqan miqrantın idarə etdiyi avtomobili insanların üzərinə sürməsi nəticəsində 30-dan çox şəxs xəsarət alıb. Bununla əlaqədar konfransda yüksək təhlükəsizlik tədbirləri görülüb və bu işə minlərlə polis cəlb olunub.