"Təəssüflər olsun ki, sosial mediada sarsıdıcı xəbərlərə daha çox rast gəlirik" - PSİXOLOQ İZAH ETDİ

14 Fevral 2025 16:54 (UTC+04:00)

"Sosial media xəbərlərlə doludur. Həm müsbət, həm də mənfi xəbərlər buraya daxildir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, təəssüflər olsun ki, sosial mediada hər zaman sarsıdıcı xəbərlərə daha çox rast gəlirik: "Bu xəbərlər, demək olar ki, günü-gündən artır. Psixoloji təsiri daha çoxdur. Bunun nəticələri gündən-günə daha da artır. Amma bundan əlavə insanlar informasiyanı təkcə sosial mediadan deyil, insanların bir-birinə ötürdüyü informasiyadan da alırlar.

Sarsıdıcı xəbəri qəfil verəndə insanda fərqli bir stress yaranır. Bu da onların psixoloji durumuna təsir göstərir. Duyğularını, emosiyalarını idarə edə bilmirlər. Əlbəttə ki, bu, insanın xarakterinə bağlıdır. Elə insanlar var ki, onlar sakit təbiətli insanlardır. Elələri də var ki, onların xarakteri daha deyən, gülən, əylənən tiplidir. Bu xəbərlər onları fərqləndirir. Çox sakit insanlar xəbəri sakit yaşayırlar, amma əyləncəli insanlar isə bu hissləri daha çox şok effekti ilə, daha dərin yaşayırlar. İnsanın psixologiyasına travmatik təsir də verə bilir. Bəzən travmalara səbəb ola bilir. Hər hansı qəfil deyilən xəbər, ölüm xəbəri, axşam zənglə dəyilən sarsıdıcı xəbər insanın psixologiyasına mənfi təsir göstərir. Amma bu, hamıda travma vermir. Elə insanlar var ki, əvvəldən təcrübəsi var, ikinci dəfə təkrarlananda daha da özünü narahat hiss edir. Əgər əvvəlki təcrübəsi yoxdursa, ilk dəfədirsə, ola bilər ki, bu insanda elə də ağır nəticə verməsin".

"Ümumiyyətlə, əgər bizim sarsıdıcı xəbərə qarşı narahatlığımız varsa, biz bunu əvvəlcədən yaxınlarımıza və ətrafımıza bildirməliyik ki, hər hansı xəbəri qəfil bildirməsinlər. Bunu əvvəldən bildirə bilərik. Sarsıdıcı xəbərdən sonra əsas məsələ odur ki, insan özünə yardım etsin. Dərin nəfəs almaq lazımdır, xəbərin tam doğruluğuna əmin olmaq üçün özünü sakitləşdirməyi bacarmaq lazımdır ki, xəbəri aydınlaşdırsın, öyrənsin, bunun ona nə kimi ziyanı varsa, bunu araşdırsın. Ondan sonra qərara gəlsin ki, nə etməlidir. Düşünürəm ki, sarsıdıcı xəbər hamımızın həyatında olur, amma əsas məsələ bunu necə qəbul etməyimiz və bundan sonra necə toparlanmağımızdır. Həyatımızda nə olursa-olsun, bu hadisələri olduğu kimi qəbul etməyi öyrənməliyik. Əgər pis xəbər eşitmişiksə, əlbəttə ki, yaxşı xəbər də eşidəcəyik, deyə ümidlənməliyik" - deyə o, əlavə edib.