"Davosda həmişə olduğu kimi Prezident İlham Əliyevə beynəlxalq media tərəfindən münasibət çox həssas, böyük olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Çin şirkətinə verdiyi müsahibədə Prezident İlham Əliyev bir çox məqamlarla bağlı çox vacib açıqlamalar verib: "İlk növbədə o, bildirib ki, Azərbaycan öz yolunu seçmiş məmləkətdir, Milli Prioritetlərinə sadiq olaraq hərəkətinə davam edir. Digər tərəfdən Çin-Azərbaycan münasibətləri ilə bağlı Prezident İlham Əliyev bildirib ki, Çin ən qüdrətli böyük dövlət olmaqla bərabər həm də Avrasiya məkanında, dünya birliyində əvəzsiz rol oynayan bir ölkədir. O cümlədən Çinin Azərbaycana olan diqqəti, onun Azərbaycanla bağlı planları həddindən artıq vacib əhəmiyyət kəsb edir. Orta dəhlizin, eləcə də birgə layihələrin yenilənməsində iki ölkə həmahəng hərəkət etməyə israrlıdır.
Bizim iki ölkə olaraq geosiyasi çəkimiz eyni deyil. Çin fövqəl dövlətdir. Azərbaycan nisbətən yığcam, güclü dövlətdir. Buna baxmayaraq bizim bir-birimizə olan münasibətimiz, bacarıqlarımız onu göstərir ki, burada ölkələrin balaca, böyük olması o qədər də əhəmiyyət kəsb etmir. Əksinə əsas məsələ ondan ibarətdir ki, onlar bir dalğaya köklənirlər. Həm də ən vacib sorğuları həmahəng tərzdə qarşılayırlar və onlarla bağlı həll yolları müəyyən edirlər. Bu baxımdan Bakı və Pekin arasında çox vacib harmonik dialoq formalaşıb. O, özünəməxsus tərzdə inkişaf edir. Ən əsas da odur ki, bizim aramızda çox möhkəm, qarşılıqlı etimad var. Digər tərəfdən də biz bir-birimizi ən vacib məsələlərdə tamamlayırıq. Buz ilk növbədə beynəlxalq yükdaşımaları məsələsində özünü əks etdirir. Çünki biz yaxşı xatırlayırıq ki, pandemiya dövründə Azərbaycan və lideri Prezident İlham Əliyev ən azı üç təşəbbüs irəli sürdü ki, onlar hamısı işlək vəziyyətdə oldular. Dünya birliyinə yüngüllük gətirdilər. Avropa İttifaqının aparıcı dövlətləri öz milli sərhədlərini bağladılar, Azərbaycan sərhədlərini açdı və dedi ki, bu ağır vəziyyətdə yükdaşımaları, səfərbər olmaq, vaksin həmrəyliyi və sair hamısı son dərəcə vacibdir. Biz göstərdik ki, bu istiqamətlərin hamısında Azərbaycanın seçdiyi yol ən düzgün yoldur. Digər tərəfdən Azərbaycan böyük problemlərin olduğu halda insanlara, xalqlara yüngüllük gətirir. Ona görə də, Çin Xalq Respublikası da Azərbaycanla bərabər göstərdi ki, biz əməkdaşlığımızı yüksək səviyyəyə çıxarmaqla bağlı dialoq proseslərini inkişaf etdirdik, bir-birimizi anlayırıq. Həm də həmahəng fəaliyyət göstərməklə maneələri dəf edə bilirik. Ona görə də, bu baxımdan Azərbaycanla Çin arasında olan münasibətlər vacib əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, Azərbaycanın tərəfdaş, partnyor seçimində heç bir problem yoxdur: "Yetər ki, biz eyni dəyərlərə, üstün cəhətlərə köklənək. Bu baxımdan da qarşıda duran məsələlərin hamısını həll edək. Prinsip etibarilə Prezident İlham Əliyevin verdiyi müsahibədə əsas məqamlar var. Misal üçün Donald Trampla bağlı dünya birliyində heç də ədalətli yanaşma yoxdur. ABŞ-ın hakimiyyətdə olan qüvvələri D.Trampın baxışlarını qəribçiliyə salırdılar. Bu, düzgün yanaşma deyildi. Ondan beynəlxalq birlik əziyyət çəkdi. Çünki Tramp bir çox məsələlərdə prinsipial mövqe tutaraq göstərir ki, insan cəmiyyəti gərək sağlam mövqedən çıxış etsin, problemlərin həllinə nail ola bilsin. Həm Azərbaycan, həm Çin, həm bizə yaxın dövlətlər çox sağlam mövqe sərgiləyirlər.
Dünya proseslərində gedən dəyişikliklər göstərir ki, bizi qarşıda çox ciddi sınaqlar gözləyir. Buna baxmayaraq biz o dərəcədə dəyişilən şəraitə həssas yanaşma sərgiləyirik. Bu baxımdan da beynəlxalq aləmdə olan əməkdaşlıq imkanları göstərir ki, bir qədər həssas olmaq lazımdır, həm də bir-birini eşitmək vacibdir. Bu baxımdan Çinlə Azərbaycan çox vacib ünsiyyət formatını formalaşdıra biliblər. Odur ki, Azərbaycan Prezidenti çox normal ünsiyyət formasını tapır, digər tərəfdən biz dialoq mərhələsini inkişaf etdiririk. Nəhayət, dünya birliyinə də göstəririk ki, bizim amalımız ondan ibarətdir ki, beynəlxalq aləmdə dialoq prinsipləri bərqərar olsun, həm də hamımız bir-birimizi duyub eşidə bilməyi bacarmalıyıq. Biz öz tərəfimizdən də bu kontekstdə çox gözəl nümunə nümayiş etdiririk".