“Güləbird” SES-də 4 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

14 Fevral 2025 14:11 (UTC+04:00)

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası (kSES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 69,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Güləbird” kSES 4 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.