"USAİD-in qanunsuz fəaliyyəti uzun illər gizlədilib" - SİYASİ-EKSPERTİN ŞƏRHİ

14 Fevral 2025 14:05 (UTC+04:00)

"USAİD qanunsuz fəaliyyətini humanitar yardım adı altında gizlədərək, uzun illər ərzində destruktiv addımları ilə öz nizamnaməsindən kənara çıxıb. Buna görə də təşkilat ölkələrin daxili işlərinə dolayı yolla müdaxilə etməsi, həmçinin ölkələrdə iğtişaşlar yaratmaq və hökumətləri sarsıtmaq üçün gizli şəkildə fəaliyyətləri ilə tanınır. Bu da açıq şəkildə beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə zidd davranış kimi xarakterizə olunur". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elmir Səftərov deyib.

Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Cozef Baydenin dövründə ermənipərəst Samanta Payerin rəhbərliyi ilə anti-Azərbaycan yanaşması ilə fəallaşan USAİD Ermənistana beş illik yardım paketini iki dəfədən çox artırması və digər layihələri ilə ölkəmizdəki nüfuzunu ciddi şəkildə zədələmişdi: "Nikol Paşinyan Rusiyadan uzaqlaşıb, ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışdığı üçün USAİD Ermənistandakı proqramlara dəstəyi kəskin şəkildə artırmışdı. 2023-cü il antiterror tədbirlərindən sonra əməkdaşlığı daha da artıran tərəflər, Samanta Pauerin səfərləri fonunda UASID İrəvan ciddi maliyyə və siyasi dəstək verirdi. Bu da təşkilata qarşı ölkəmizdə ictimai qəzəbi artırdı və fəaliyyətinin dayandırlmasına ciddi zərurətlər yaratdı. Bütün bunlar isə regiondakı siyasi ab-havaya mənfi təsir edib, Azərbaycan-Ermənistan sülh müzakirələrinə zərbə vurub.

Ölkəmizin USAİD-dən əsaslı narazılığı ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp və komandası tərəfindən də oxşar reaksiya ilə qarşılandı. Nəticədə ABŞ-ın dünyadakı imicini ciddi şəkildə zədələyən “humanitar” agentliyin fəaliyyəti sual altına düşdü. Çünki USAID uzun müddət xarici yardım proqramları ilə avtoritar rejimlərə dəstək verərək dövlətlərə düşmən olan qrupları maliyyələşdirib, terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz prinsiplərindən sui-istifadə edib. Təbii ki, agentliyin bu cür yanaşması regionumuzdan da yan keçməyib. Belə ki, USAİD Rusiyanın böyük təsirə malik olduğu Gürcüstan və Ermənistanda müxalifətyönümlü medianı, QHT-ləri maliyyələşdirərək inqilablarla ABŞ-ın maraqlarını təmin etməyə çalışıb".