Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib - FOTOLAR

14 Fevral 2025 11:59 (UTC+04:00)

Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Namiq Bayramov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından buraxılış münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasından danışıb, bu cür kursların əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gündən-günə gücləndiyini qeyd edib.

Məzunlar adından çıxış edən kurs birincisi gizir Zaur Məmmədov onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.

Mərasimin yekununda kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub və məzunlara sertifikatlar təqdim olunub.