"Fevral ayının 12-də ABŞ-nin prezidenti Donald Trampla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında əsas məqsəd Rusiya-Ukrayna müharibəsinin dayandırılması olub. Bunun detalları danışılıb və hesab edirəm ki, hansı torpaqların kimdə qalması ilə bağlı danışıqlar gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əraziləri olan Donbas, Luqansk və Krımdan çıxmayacaq. “Bu qətiyyən mümkün görünmür. Çünki Rusiya bu işğal etdiyi torpaqları Ukraynaya qaytarsa, o zaman məğlub olmuş formada müharibəni sonlandıracaq. Bununla nə Rusiya, nə də Putin razı deyil. Bundan əlavə olaraq digər zəbt etdiyi torpaqlarıda Rusiya çalışacaq ki, tabeliyində qalsın. Ancaq hesab edirəm ki, bu torpaqlar danışıq yolu ilə Ukraynaya qaytarıla biləcək. Təbii ki, Ukrayna ordusu da, Kursk şəhərindən çıxacaq. Əsas məsələ müharibənin dayandırılmasıdır. Donald Trampın da dediyi kimi gündə 100 nəfərə yaxın zabit və əsgərlər həlak olur, sivil insanlar müharibədən əziyyət çəkir.
Hesab edirəm ki, bu müharibənin qalibi həm Rusiya xalqı olacaq, həm də Ukrayna xalqı olacaq. Çünki doğurdan da hər gün yüzlərlə insan həlak olur, şəhərlər dağılır, evlər dağılır və bu mənada müharibənin mütləq qalibi olmur. Ancaq 3 ildir davam edən bu müharibədə, qardaş qırğınının qarşısı alınmalıdır. Hesab edirəm ki, Trampın atdığı bu addımlar onu dünya lideri kimi daha da reytinqini qaldıracaq. Ancaq bu müharibənin də tezliklə dayanması mümkün deyil. Son günlər Rusiya Ukraynanın böyük şəhərlərinə çox sarsıdıcı zərbələr endirib. Yəni Rusiya istəyir ki, qarşıdakı danışıqlara əli dolu getsin. Daha çox torpaqları zəbt etsin, rayonları işğal etsin və bununla da özünü qalib kimi göstərsin. Ukraynadan da daha çox ərazi işğal edə bilsin. Bu gün dünyanın yenidən formalaşması səbəbindən zəif ölkələr böyük ölkələr tərəfindən bölünür. Fikrimcə, Ukrayna da bölünəcək. Ukrayna prezidenti özü ABŞ-nin prezidentinə təklif etdi ki, Ukraynanın ən münbit torpaqlarını və yeraltı sərvətlərini biz istəmərik ki, Rusiya işğal etsin və onlardan istifadə etsin, bunun tam əksinə bu sərvətlər bizdə qalsın və Amerika Birləşmiş Ştatları ilə birgə istifadə edək və dünyaya idxal edək. Doğurdan da Ukraynanın Donbas ərazisində yeraltı sərvətlərin qiyməti 14-15 trilyon dollara kimi hesablanır. Bu çox böyük bir məbləğdir. Gedən müharibə zamanı Rusiya bunları bilirdi və oranı boş-boşuna işğal etmədi. Amma Ukrayna prezidenti istəyir ki, ABŞ-nin vasitəsi ilə bu işğal olunmuş Donbas ərazisi yenidən Ukraynaya qaytarılsın".