Fevralın 13-də Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib.
SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasından (YAP) verilən məlumata görə, partiyanın gənc üzvlərinin iştirakı ilə “Çin və Azərbaycan arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası və partiyalararası əlaqələr” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Çinlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanla Çin arasında çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
R.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. “Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Eyni zamanda, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib.
Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao tədbirdə “Şanxay Əməkdaşlıq Təşkilatı və Çin-Azərbaycan əlaqələri” mövzusunda çıxış edib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri davamlı olaraq inkişaf edir. Ding Tao 2024-cü ilin iyul ayında iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. Diplomat ötən ilin noyabr ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalandığını xatırladaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Onun sözlərinə görə, Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli münasibətlərin dərinləşməsinə yeni imkanlar yaradır.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələr genişlənməyə davam edir. Bu münasibətlərin vacib aspektlərindən biri də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı sıx əməkdaşlıqdır.
B.İslamov Azərbaycan və Çin arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəminin mövcud olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Çinin Azərbaycandakı səfirliyinin üçüncü katibi Se İlin, səfirliyin attaşesi Yan Şısue, YAP Gənclər Birliyi sədrinin müavini Fəsli Nəbiyev və birliyin üzvü Anastasiya Lavrina çıxış edərək ölkələrimiz və partiyalarımız arasında əlaqələr haqqında fikirlərini bildiriblər.
Sonda bədii hissə və Çin mədəniyyətinin nümunələri təqdim olunub.