Avropa təhlükəsizliyinin gələcəyi ilə bağlı mühüm mesajların veriləcəyi 61-ci Münhen Təhlükəsizlik Konfransı fevralın 14-də “Ukrayna və Yaxın Şərq” prioriteti ilə başlayacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyanın Münhen şəhərində keçiriləcək konfrans Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə ticarət gərginliyinin kölgəsində baş tutacaq.
İştirakçılar arasında 60-dan çox dövlət və hökumət başçısı, 100-ə yaxın xarici işlər və müdafiə naziri olacaq.
Konfransda qlobal təhlükəsizlik problemləri, beynəlxalq nizamın vəziyyəti, iqlim təhlükəsizliyi kimi məsələlər müzakirə olunacaq.
200-dən çox tədbirin planlaşdırıldığı konfransda dünyanın müxtəlif yerlərində baş verən böhranlar, müdafiə və xarici siyasət məsələləri də müzakirə olunacaq.
Heç bir qərar verilmədən qeyri-rəsmi görüşlərin keçirildiyi konfransa Rusiyadan rəsmilərin dəvət edilməməsi, ABŞ-dan da geniş iştirakın olması diqqət çəkir.
Geniş təhlükəsizlik tədbirlərinin görüləcəyi konfransla əlaqədar Münhendə Fələstindən olan etirazçıların, ifrat sağçı və mühacir əleyhinə qrupların, NATO əleyhinə və solçu qrupların nümayiş keçirəcəyi gözlənilir.
3 günlük konfrans 1963-cü ildən bəridir hər il keçirilir.