Türkiyənin BMT-dəki nümayəndəsi Suriya məsələsini qiymətləndirib

13 Fevral 2025 18:45 (UTC+04:00)

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Əhməd Yıldız deyib: "Suriyanın gələcəyində nə DEAŞ, nə də PKK/YPG/SDG-yə yer yoxdur." SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Səfir Əhməd Yıldız, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Yaxın Şərqlə bağlı sessiyasında Suriyadakı hadisələrlə bağlı ölkə nümayəndələrinə müraciət edib.

"Suriyanın gələcəyində nə DEAŞ, nə də PKK/YPG/SDG-yə yer yoxdur. Bu terror qruplaşmalarının mövcudluğuna son qoyulması, dinc, müstəqil və siyasi cəhətdən birləşmiş Suriyanın ilkin şərtidir", – deyə Əhməd Yıldız vurğulayıb.

Türkiyənin Suriyadakı yeni rəhbərliyin terrorla mübarizə əzmini alqışladığını qeyd edən Yıldız YPG/"SDG" ünsürlərinin PKK-dan fərqinin olmadığını və Suriyada SDG adını istifadə edən PKK/YPG-nin kürdlərin qanuni nümayəndəsi olmadığını vurğulayıb.

Səfir Yıldız bildirib ki, Suriyanın təbii qaz və neft ehtiyatlarının bu terror təşkilatları tərəfindən istismarı dayandırılmalı, bu ehtiyatlar Suriya xalqına qaytarılmalı və ölkənin yenidən qurulması üçün istifadə edilməlidir.

Əhməd Yıldız deyib: "Bu terror təşkilatlarının sıralarındakı qeyri-suriyalı ünsürlər ölkəni tərk etməlidir. PKK/YPG ünsürlərinin qalan hissəsi bütün silahlarını yerə qoymalıdır."

İsrailin Suriya ərazisinə hücumlarının ölkənin suverenliyini pozduğunu və sabitliklə bağlı göstərilən səyləri sarsıtdığını ifadə edən Yıldız, "İsrailin Suriya ərazisinə irəliləyişini pisləyir və bu Şuranı İsrailin Suriyadakı mövcudluğunun sona çatmasını təmin etməsi üçün təcili və qəti addımlar atmağa çağırırıq", – deyə əlavə edib.