Britaniyanın maliyyə naziri iş təcrübəsini şişirtməkdə ittiham olunur

13 Fevral 2025 18:20 (UTC+04:00)

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz “Bank of England”də işlədiyi müddəti “LinkedIn” profilində şişirtməkdə ittiham olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir “LinkedIn” profilində 2000-ci ilin sentyabrından 2006-cı ilin dekabrına qədər “Bank of England”də çalışdığını göstərib. Lakin “BBC” onun 2006-cı ilin mart ayında vəzifəsini tərk edərək “Halifax Bank of Scotland”da (HBOS) işləməyə başladığını aşkar edib. Nazirin sözçüsü “LinkedIn” profilindəki məlumatın qeyri-dəqiq olduğunu etiraf edib və bunu administrativ səhv adlandırıb.

Nazir, “Bank of England”də iqtisadçı kimi işlədiyi dövrü ölkənin maliyyəsinə etibarlı şəkildə nəzarət edə biləcəyinin sübutu kimi təqdim edib və dəfələrlə orada 10 ilə qədər vaxt keçirdiyini iddia edib.

Bundan əlavə, Reyçel Rivz əvvəllər də onlayn “CV”sini şişirtməkdə ittiham olunub. Ötən il onun “LinkedIn” profilində “HBOS”dakı vəzifəsi “pərakəndə bankçılıq” (Retail Banking) kimi dəyişdirilib. Əvvəllər isə o, bankda iqtisadçı kimi çalışdığını iddia edirdi. Lakin əslində o, müştəri şikayətlərinə baxan departamentdə idarəçi vəzifəsində çalışıb.