Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılır

13 Fevral 2025 17:54 (UTC+04:00)

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər davam etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə təşkil edilən monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə vəhşi quşlara baxış keçirilir.

Agentlikdən verilən məlumata görə, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür.

Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Bütün bunlardan sonra epizootoloji məlumatlar toplanılaraq təhlil ediləcək.

Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.

Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda, monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.