Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər

13 Fevral 2025 15:57 (UTC+04:00)

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” beynəlxalq turnirində finala vəsiqə qazanıblar. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında ən azı gümüş medalı təmin ediblər.

Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa kateqoriyasında bürünc mükafata layiq görülmüşdü.