"Bizdə xarici təhsillə bağlı ciddi problemlər var. Bu, xüsusən də oxuduqdan sonra diplomların tanınma mərhələsi ilə bağlıdır. Çox təəssüf olsun ki, bizdə hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra yerli ali təhsil müəssisələrinə qəbul ola bilməyən şəxslər valideynləri tərəfindən yox, kimlərsə tərəfindən xaricdə təhsilə yönəldilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, xaricdə təhsil deyərkən, əsasən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Şərqi Avropanın bir neçə ölkəsi nəzərdə tutulur: "Xaricdə təhsil üçün xüsusi dövlət proqramları var. Orada, həqiqətən də, seçilmiş və müsabiqədə rəqiblərini xeyli qabaqlayan intellektual gənclərimiz olur. Biz ümumi xarici təhsildən danışırıqsa, burada bizim diqqətdə olduğumuz bəzi məsələlər var. Onlardan biri də xarici təhsil şirkətlərinin hər dediyinə inanmamaqdır. Onlar biznes qurumlarıdır, kommersiya məqsədilə fəaliyyət göstərirlər. Təbii ki, aralarında yaxşıları da var. Biz qurunun oduna yaş yandıra bilmərik. Əziyyət çəkirlər. Burada yaxşı Türkiyə universitetlərinin nümayəndəliklərini yaradıblar. Onlarla işimiz yoxdur. Bizim işimiz bu sektoru bilməyib camaatın uşağını harda gəldi təhsilə yönəldənlərdir. Çox təəssüflər olsun ki, xaricdə təhsil bizdə qeydiyyat baxımından çox ciddi problemə çevrilib. Bu, düşünürəm ki, belə olmamalıdır. Elm və Təhsil Nazirliyinə tabe dörd agentliyindən biri təhsildə keyfiyyətin təminatının nəzarəti agentliyidir. Onun çox yaxşı təlimatları, videoçarxları var. Sayta daxil olsunlar, orada xaricdə təhsillə bağlı məlumatlar əldə etsinlər. Həmçinin You-tube platformasında, eləcə də Elm və Təhsil Nazirliyinin bir çox sosial şəbəkə platformasında bu cür maarifləndirici videolar var. Tanış olsunlar, ondan sonra müraciət etsinlər. Həm də bəzi çox nüfuzlu xarici təhsil şirkətləri var ki, onlarda konsultasiya xidməti də var. Sadəcə konsultasiya haqqını ödəyib orada müəyyən məlumatlar ala bilərsən. Oraya müraciət etsinlər. Sadəcə bizim valideynlər tələsirlər. Çünki biz universitetə ölüm-dirim mübarizəsi kimi baxırıq. Nə olursa-olsun həyata keçirilməli olan mexanizm kimi baxırıq. Bu, yolverilməzdir".