Ailənin formalaşmasına təsir edən böhranlı dövrlər

13 Fevral 2025 15:40 (UTC+04:00)

“Ailə kiçik dövlətdir və bu dövlətin qorunmasında ər və arvad arasındakı münasibətlər önəmli yer tutur. Ailə münasibətlərinə zərbə vuran ər-arvad arasında baş verən konfliktlərdir ki, bunlar da ailənin inkişafına və formalaşmasına mane olur. Konfliktlər əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Bu tələbatlara öz “mən”inin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik, müsbət emosiyalara olan tələbatın ödənilməməsi, istirahət vaxtının təşkilinə ərlə-arvadın tələblərinin müxtəlifliyi, müsbət emosiyalara olan tələbatın ödənilməməsi və s. aiddir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq bildirib ki, bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?

Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması iki “mən”in birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfin valideynləri gənc ailədə dəstək olmalıdır: “Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci, böhranlı dövr – uşaqların dünyaya gəlməsiylə bağlıdır. Üçüncü, böhranlı dövr – ər-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü, böhranlı dövr – ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, qadının emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Eyni zamanda ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın işə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin arxa plana keçməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi, qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s.” - deyə Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı