Azərbaycan və Somali: İkitərəfli münasibətlərin güclənməsi

13 Fevral 2025 13:42 (UTC+04:00)

Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Afrika qitəsinin inkişaf etməkdə olan ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.

Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştiraki ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.

Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərdən bəhs etdilər. Azərbaycan və Somali liderləri geosiyasi vəziyyəti, regionların qarşılaşdığı çağırışları və ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərini geniş şəkildə müzakirə etdilər. Prezident İlham Əliyev ölkəmizin 1990-cı illərdən başlayaraq beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni işğalından azad edilməsi uğrunda keçdiyi çətin tarixi mərhələ barədə Somalinin dövlət başçısına məlumat verdi. Tərəflər, həmçinin terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyə malik olduqlarını bir daha vurğuladılar.

Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Hazırda Somali tələbələri Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil alırlar. Yeni imzalanmış sənədlər isə bu imkanları daha da genişləndirməyə xidmət edir. İlkin mərhələdə 10 somalili tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur, gələcəkdə isə bu sayın daha da artırılması planlaşdırılır.

Azərbaycan Somali iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymaq imkanlarını da araşdırır. İki ölkənin nümayəndə heyətləri Somalidə sərmayə imkanlarını müzakirə edərək infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialını qiymətləndirdilər. Somali Prezidenti bu ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu qeyd etdi. Azərbaycan isə kənd təsərrüfatında özünü təmin etmə siyasəti çərçivəsində bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Müdafiə sahəsində əməkdaşlığımızı genişləndirilmək məqsədilə ölkələrimiz arasında xüsusi razılaşmalar imzalandı. Somalinin dövlət başçısı Bakıda Azərbaycanın müdafiə sənayesi potensialı ilə yaxından tanış olacaq. Belə ki, ölkəmiz hazırda güclü müdafiə sənayesi infrastrukturuna malikdir və öz istehsalı olan müdafiə avadanlıqlarını bir sıra ölkələrə ixrac edir. Müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Somalinin Azərbaycan istehsalı olan müasir müdafiə avadanlıqları ilə təmin edilməsi və hərbi təlimlərin təşkili də nəzərdə tutulur.

Dövlət başçımız mətbuata verdiyi bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verməyə davam etdiklərini xatırlatdı. İki dövlətin xarici işlər nazirləri artıq müxtəlif tədbirlərdə bu məsələləri müzakirə ediblər və hökümətlərimiz gələcəkdə də BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək vermək niyyətindədirlər.

Bakıda iki dövlət arasında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalandı.

Azərbaycan və Somali arasında imzalanan bu mühüm sazişlər iki ölkənin strateji tərəfdaşlıq istiqamətində atdığı vacib addımlardır. Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir.

Ziyafət Əsgərov

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini