Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Kral Xuan Karlos Universitetinin birgə təşkilatçılığı ilə İspaniyada Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair konfrans keçirilib. BMTM-dən SİA-ya verilən məlumata görə, qurumun şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqazda müasir geosiyasi düzənin tarixi kökləri və Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışıb.
Üçüncü tərəfin regional məsələlərə müdaxiləsinin zərərli təsirlərinə diqqət çəkən Vasif Hüseynov bununla da İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yaranmış əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın iqtisadi inkişafı, enerji strategiyaları, xüsusilə yaşıl keçid gündəliyi barədə təqdimatla çıxış edib.