AMB müsabiqənin dünya finalının tərəfdaşı olacaq

13 Fevral 2025 12:00 (UTC+04:00)

Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) tərəfdaşlığı, “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı keçiriləcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə 31 avqust - 5 sentyabr tarixlərində “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, “ICPC”nin rəsmi mərhələləri hər il 110-dan çox ölkədən, 3500-yə yaxın universiteti təmsil edən 70000-dən artıq ən güclü tələbə-proqramçını bir araya gətirir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

Ölkəmizin müxtəlif universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən “ICPC”nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər.

ICPC 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

AMB maliyyə sabitliyinin təminatçısı olmaqla yanaşı, həm də ölkənin maliyyə sektorunun modernləşdirilməsinə, innovasiyaların və rəqəmsallaşmanın təşviqinə mühüm diqqət yetirir, bu tərəfdaşlıq vasitəsilə ölkənin rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına töhfə verməyi hədəfləyir.