Azərbaycan və Somalinin həmkarlar ittifaqları Anlaşma Memorandumu imzalayıb - FOTOLAR

13 Fevral 2025 09:42 (UTC+04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin (SHİK) prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb. SİA xəbər verir ki, Konfederasiya sədri Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrlə yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.

Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindən reallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

M.O.Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçirilən görüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, AHİK və SHİK arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgə təşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtiva edir.

Daha sonra M.O.Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyətilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləri yollayışı asan prosedur və mərkəzləşdirilmiş qaydada Mərkəzdən əldə edirlər. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.