"Yeni hökumət Suriya xalqının bütün təbəqələrini təmsil edəcək"

12 Fevral 2025 19:16 (UTC+04:00)

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani bildirib ki, mart ayında qurulacaq yeni hökumət Suriya xalqının bütün təbəqələrini təmsil edəcək.

SİA xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, nazir Şeybani Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 2025 XII Dünya Hökumətlər Sammitində iştirak edib.

Sammit çərçivəsində Küveytin “Əl-Qabas” qəzetinə verdiyi müsahibədə Şeybani çökmüş bir iqtisadi sistemi miras aldıqlarını və rejimin dağılmasından sonra Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Dövlətin və ordunun yenidən qurulması üçün zamana ehtiyac olduğunu bildirən Şeybani mart ayında qurulacaq yeni hökumətin Suriya xalqının bütün təbəqələrini təmsil edəcəyini bildirib.

İordaniya ilə əlaqələrin yaxşı olduğunu qeyd edən Şeybani yaxın zamanda İraqın paytaxtı Bağdada səfər etmək üçün rəsmi dəvət aldığını deyib.

Bu il keçirilən XII Dünya Hökumət Sammitində 140 hökumətdən nümayəndə heyətləri, qlobal texnologiya şirkətlərinin yüksək vəzifəli şəxsləri, təxminən 30 ölkənin dövlət başçıları və liderləri, 400 nazir iştirak edir.