Dostluğa, əməkdaşlığa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir - Vüqar Rəhimzadə

12 Fevral 2025 18:05 (UTC+04:00)

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın çox güclü təməl üzərində dayanmasına bir daha işıq saldı

Bu ilin 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən 55-ci Dünya İqtisadi Forumu mühüm məqamlarla yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra ikitərəfli görüşlər keçirdi. Bu görüşlərdə günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Forumun ilk günündə Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verdi. Fevralın 11-də televiziya kanalında yayımlanan müsahibə Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Öncə diqqəti son illərin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Bu, 30 il ərzində milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik.

Prezident İlham Əliyev dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin problemin həllinə nə kimi təsir göstərdiyini də xüsusi vurğuladı. Reallıq budur ki, ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyi, ən əsası Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapdığı halda Ermənistana qətnamələrin icrasına məhəl qomadığına görə heç bir sanksiya tətbiq olunmadı, əksinə bəzi dünya gücləri, daha dəqiq desək, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını adı ilə cağırmağın müikünsüzlüyünü bildirərək açıq-aşkar birtərəfli mövqe nümayiş etdirdiklərini təsdiqlədilər. Azərbaycan 30 ilə yaxın dövrdə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərlə üz-üzə qaldı. Lakin belə yanaşmalar ölkəmizi, xalqımızı ruhdan salmadı. Daim bu əminlik var idi ki, ədalət gec-tez zəfər çalacaq. Dövlət başçısı İlham Əliyev müsahibəsində “Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar” söyləyərək diqqəti ölkəmizə qarşı ədalətsiz münasibətin mövcudluğuna yönəltdi. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin sadəcə, kağız üzərində qaldığını xüsusi vurğuladı. Bir daha qeyd etdi ki, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın bütün məsələlərdə həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarımızda özünün aydın ifadəsini tapır. Məlumdur ki, hər bir ölkənin tanıtımında, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsində inkişaf modeli əhəmiyyətli rol oynayır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında başlanan inkişaf, tərəqqi dövrünü bu gün zəfərlər, yeni-yeni hədəflər dövrü əvəzləyir. Hər bir hədəfə doğru ardıcıllıqla irəliləyən Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkəyə idarəçilikdən xəbərsiz, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərliyi ucbatından müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşadı, torpaqlarımızın 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ümummilli Lider qayıdışı ilə bir daha bu reallığı təsdiqlədi ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət faktorları əsasdır. Məhz bu uğurlarımıza söykənərək dövlət başçısı İlham Əliyev çoxqütblü dünyada Azərbaycanın yerinin harada olması ilə bağlı suala cavab olaraq bildirdi ki, ölkəmiz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdədir. Güclü, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirildi. Azərbaycan aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutdu. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edən Azərbaycan çoxlu uğur qazandı. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, sözügedən müsahibədə ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyən fikirlər hər birimiz üçün qürurvericidir. Jurnalist qeyd etdi ki, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Həmçinin qlobal İqlim sammitinə ev sahibliyi etdi. Bu siyahını davam etdirmək olar. Prezident İlham Əliyev jurnalistin bu təqdimatının davamı olaraq bildirdi ki, hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Bundan əvvəl Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etdi. Bu, onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

Milli Məclisin deputatı Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsini qeyd edib. Bildirib ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Azərbaycan sabit iqtisadiyyat qurub, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçirilir, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq, müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq.

Vüqar Rəhimzadə onu da diqqətə çatdırıb ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Daim xalqlar və dövlətlər arasında yeni körpülərin qurulmasına, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin xarici siyasəti çoxşaxəli, açıq və aydındır. Dəyişməz prinsiplər daim uğurlara yol açır. Azərbaycan müstəqil xarici siyasət yürüdən, heç bir dövlətin diktəsi ilə oturub durmayan ölkədir. Ədalət və beynəlxalq hüquqa hörmət həyata keçirilən siyasətin əsas xəttini təşkil edir. Bu gün ölkəmiz etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, Avropa İttifaqının 10 üzvü ilə imzalanan strateji tərəfdaşlıq Bəyannaməsinə də diqqəti yönəltdi. Vurğulandı ki, Türkiyə, Özbəkistan ilə müttəfiqlik Bəyannaməsi imzalanıb. Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi, Azərbaycanın da xarici siyasəti daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının sözügedən müsahibəsi bir daha Azərbaycanın mövqeyinin təqdimatı oldu. Prezident İlham Əliyev vurğuladı ki, mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə, dominantlıq, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq oldu. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar, bunların hamısı Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkənin inkişafında lider amilinin roluna da diqqət yetirsək Azərbaycanın 1993-cü ildən başlayaraq böyük uğurlara, zəfərlərə imza atmasının əsasında məhz dövlətinin, xalqının gələcəyini düşünən liderinin olması dayanır. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir, zəfərdən zəfərə addımlayır. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın çox güclü təməl üzərində dayanmasına bir daha işıq saldı. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, liderlik böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. İyirmi ildən artıq müddətdə həmişə Azərbaycan xalqına müsbət və ya mənfi olmasından asılı olmayaraq həqiqəti söylədiyini bildirən Prezident İlham Əliyev ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə belə bir çağırışı etdi ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Bu halda özünüz və ölkəniz uğur qazanmış olacaq.