KİM üzvlərinin zirvə görüşü baş tutub - YENİLƏNİB - FOTOLAR

12 Fevral 2025 17:04 (UTC+04:00)

Bu gün Atatürk Mədəniyyət Mərkəzində yeni yaradılmış Kommunikasiya İctimaiyyətlə əlaqələr və Media mərkəzinin təqdimatı və zirvə görüşü baş tutub. SİA xəbər verir ki, görüşdə KİM-in rəhbəri Tural Ozan, Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov, Emedia Group təşkilatının sədri Elşən Əliyev, media nümayəndələri iştirak ediblər.

Dəyirmi masada baş tutan görüşü giriş sözü ilə KİM-in rəhbəri Tural Ozan açıb. O, KİM-in əsas məqsədinin Azərbaycanda kommunikasiya, ictimaiyyətlə əlaqələr sahələri arasında mərkəzi platformanın yaradılması olduğunu bildirib. Eyni zamanda dövlət qurumları və özəl sektorun ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlarının media nümayəndələri və jurnalistlərlə əlaqələrinin gücləndirilməsi, bu sahələrin Azərbaycanda inkişaf etdirilməsi, yeni kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artıtılması istiqamətində yeni layihələrin icrası da KİM-in əsas prioritetlərindən biri olduğu bildirilib.

Daha sonra çıxış edən Atatürk Mədəniyyət mərkəzinin direktoru Nizami Cəfərov KİM-in türk dünyasında inkişaf yolu istiqamətləri, Türk dünyası dövlətlərinin eyni sektorlarda fəaliyyət göstərən təşkilatları ilə birgə layihələrin icrasının mümkünlüyü haqqında danışıb.