Somalidə “ASAN xidmət” təcrübəsi tətbiq ediləcək

12 Fevral 2025 16:19 (UTC+04:00)

Somali Prezidenti Hasan Şeyx Mahmud "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə SİA-ya Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib.

Bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Somali Prezidenti Azərbaycan təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

Bu gün Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.